PL       AZ       RU  

KAZİMİR SKUREVİÇ

KAZİMİR SKUREVİÇ (KAZIMIERZ SKÓREWICZ, 1866-1950) 1894-cü ildə İ.Qoslavski kimi Peterburq mülki mühəndislər institutunu bitirmişdi. Bakıya O, 1895-ci ildə Qoslavskinin dəvəti ilə gəlmişdir. Əvvəlcə Skureviç şəhər idarəsində sahə memarı vəzifəsində çalışırdı. Sonra isə O, Baş şəhər memarı vəzifəsinə tutacaq. Çalışqan və işgüzar Skureviç, özəl təcrübəyə kifayət vaxt sərf edərək, həm yaşayış evləri həm də ictimai binalar layihələşdirirdi. Həmkarları kimi, Skureviç həcmli modelləşdirmə, cizqi detalların aydın çəkilməsi və daşların ustalıqla işlənməsində ifadə olunan yerli memarlığın ənənələri ilə maraqlanırdı. Yerli memarlığın mahiyyətini anlamaq çalışan memar, müasir tikintidə istifadə oluna biləcək hər bir xüsusiyyəti qavrayırdı. Ənənələr əsasında milli və iqlim xüsusiyyətlərinə cavab verən şəhər tikililərinin üslub ümumiliyini yaratmaq üçün bütün ilkin şərtlər var idi. O qüssələnirdi ki, sifarişçilər müxtəlif təmayüllü yad Avropa üslublarına üstünlük verərək, ev tikintisində Bakı memarlığının üslub keyfiyyətlərinə etinasızlıq göstərirlər. Skureviç mətbuatda (O publisistik fəaliyyətlə də məşgul olurdu) dərin xalq ənənələrinə malik şəhərin tikintisində Azərbaycan memarlığından istifadə olunması leyhinə alovlu çıxışlar edirdi. O, məşhur Şirvanşahlar sarayı yaxınlığında Içəri şəhərdə, memarıq abidələrinin əhatəsində öz yerli memarlıq xüsusiyyətləri ilə ümumi fona çox uğurla uyğunlaşmış bir sıra yaşayış evləri tikməyə nail oldu.

Skureviçin müəllif olduğu tikililər arasında ən tanınmışları Krasnovodsk və Merkuryev küçələrin (hal hazırda Vurğun küçəsi və Azərbaycan prospekti) tinindəki Dövlət Bankının binasını (indi də orada bank yerləşir), Şamaxinkadakı Uşaq evini (1897-1899), Persidski (Muxtarov,13) küçəsindəki Rotşildin kontorunu (1899) (İndiki Respublika Prokurorluğu), Olginski küçəsində Tağıyev passacını (1896) (indiki univermaq) göstərmək olar. Onlardan başqa memar poçt, xəstəxana, uşaq və müsəlman gimnaziyaların, Nobel qardaşlarının ortaqlığı səhmdar cəmiyyətinin binalarını inşa etmişdir.

Rus baş kilsə qarşısında və Roma-qotika üslubunda tikilən Rotşild mühitlə hesablaşmağı tələb edirdi. Binanın həcm kompozisiyasını baş fasadın künc hissələri, bir tərəfdən planda yarımdairəvi ikimərtəbəli açıq daş balkon, digər tərəfdən isə effektli lociya canlandırır. Orta əsrlərə aid üsluba baxmayaraq, bu bina olduqca müasir gorunurdu.

Memarlıq kütlələrinin belə dinamikası, Roma-qotika elementlərinin canlı plastikası ilə yanaşı, Skureviçin tikililərinin ifadəliliyini müəyyənləşdirdi. Bankın binası bir qədər başqa plandadır, ümumi kompozisiya da ciddi və mötədildir. Bu cür nəticələrə memar yerli daşların inamlı işlənməsi sahəsində gəlmişdir.

Skureviçin Roma memarlığına meyli onun klassik üslubda işləməsinə mane olmurdu. Tağıyev passacı iri və monumental tikilidir, klassik üslubdadır, ancaq sərbəst təfsirlidir. Onun fasadları küçədən yaxşı baxılır, mərkəzin tikiliş həllində fəal iştirak edirlər. Yarımdairəvi formalı profilləşdirilmiş tağların ahəngi, canlı pilyastrlar, sütunlarla nəzərə çarpdırılan girişlər böyük şaquli pəncərə - vitrinləri, interyerlərdə işığın gur olması ticarət müəssisəsinin memarlıq cəhətdən inandırıcı kompozisiyasını yaradır. İki mərtəbədə enli daxili dəhlizin hər iki tərəfində ticarət köşkləri, atelyelər və s. yerləşirdi. Bütün uzunluğu boyunca passac şüşə damla örtülmüşdür. Bu, Bakıda belə memarlıq- konstruksiya prinsipi üzrə işlənmiş ilk tikililərdən biri idi. Elə buradaca örtüklərdə yeni konstruksiya elementi kimi dəmir-betondan geniş istifadə olunmuşdur. Ancaq ikinci mərtəbənin dövrələmə dəhlizinin dəmir-beton örtüyü yan divarların klassik üslublu dam pilyastrları ilə ziddiyyət təşkil edir. Burada aşkara çıxır ki, yeni inşaat materialları və konstruksiyalar keçmişin tarixi üslublarında deyil, digər prinsiplərə uyğun başqa xarakterli memarlıq tələb edir.

Kazimir Skureviçin tikililəri monumentaldılar, bir qayda olaraq onlar üç küçəyə yönəldilən bucaq binalardır. Binaların ümumi quruluşuna xüsusi diqqət yetirən memar, fasadların kiçik elementləri olan ornament və incə naxışlı detalları da belə yaddan çıxarmırdı. Skureviç tərəfindən yaradılan memarlıq kütlələrin qarmoniyası şəhərin mühitində çoxaldıqca öz özəl mənasını itirmədən memarın üslubunu da pozmurdu.

1902-ci ildə şəhər Duması, nəhayət, Bakının dənizkənarı şəhər olduğunu, sahil zolağında çoxsaylı körpülərin olmasını nəzərə alaraq əhaliyə bulvar şəklində dənizə bir çıxış verməyi qərara alır. Bütün bunlar onunla başa çatır ki, Skureviçin və şəhərin bağbanı Vasilyevin layihəsi üzrə kiçik bir bağça salınır. Sahil zolağının ictimai istifadə üçün bulvar kimi mənimsənilməsinə ilk təşəbbüs şəhər üçün böyük əhəmiyyət kəsb edirdi. Sonralar bu bağça mühəndis Hacınskinin təşəbbüsü ilə konkret layihə əsasında mərkəzi məhəllələrin bütün uzunluğu boyunca davam etdirildi. I.Qoslavskinin vəfatından sonra (1904) Skureviç şəhər memarı vəzifəsində işləyir və İ.Qoslavskinin son layihəsi olan Bakı şəhər duması binasının daxili düzənlənməsinə rəhbərlik edir. O, bütün gücünü sərf edir ki, müəllifin ideyasından kənara çıxılmasın, layihədə təhriflərə yol verilməsin. Bunlar interyerlərin memarlıq keyfiyyətini azalda bilərdi. Diqqətəlayiq haldır ki, bu binanın ilkin eskizi Skureviç tərəfindən şəhər duması layihəsinin tərtib olunması üçün proqram tapşırığı kimi işlənmişdir. Qoslavski isə gözəl memarlıq keyfiyyətləri olan tamamilə müstəqil layihə həlli verdi. Skureviç öz həmyerlisinə onun həqiqi memar kimi istedadına görə çox hörmət edirdi. Şəhərin başqa memarları da professional cəhətdən onun səviyyəsinə can atırdılar. Hətta onun vəfatından sonra da. Skureviç Peterburq curnallarında nekroloq çap etdirmiş və Qoslavskinin Bakı şəhərinin memarlığında görkəmli xidmətlərini qeyd etmişdir. Skureviç özü isə 12 il şəhər idarəsində işləyib, çoxlu ictimai və şəxsi binalar tikəndən sonra şəhər memarı vəzifəsini tərk edir və vətəninə, Varşavaya qayıdır.

1905-ci il inqilabında fəal iştirakına görə onu vətənində sürgün təhlükəsi gözləyirdi. O, Polşada 40 ildən artıq işləyib Varşavanın kral qəsrinin, Krakovdakı Vavel qəsrinin bərpasına rəhbərlik etdi, Suleyuvekda marşal Pilsudskinun evini layihələşdirdi. Amma Skureviçin ən məşhur əsəri Polşa Seyminin binası hesab olunur. Skureviçdən sonra, Bakı şəhərinin memarı vəzifəsinə İosif Ploşko təyin olundu.

K.Skureviçin Bakıdakı elmi-yaradıcılıq fəaliyyətini də unutmaq olmaz ezamiyyətə göndərilmiş və Bakıda sahə memarı olarkən, 1898-1900-cu illəri səfərdə keçirmişdir. Qayıtdıqdan sonra o, instituta inşaat məktəbi və I Nikolay adına Mülki Mühəndislər İnstitutunun keçmiş tələbələrini elmi məqsədlərlə xaricə və Rusiyanın şəhərlərinə göndərilməsi üzrə komissiya tərəfindən çap olunmuş məzuniyyət hesabatını təqdim etdi. «Qərb slavyan memarlığı və Roma memarlığının ona təsiri» adlı hesabat 1906-cı ildə S.Peterburqda çap olunmuşdur. O öz elmi işini böyük həvəslə yerinə yetirmişdir. Bu, K.Skureviçin elmi planda ilk işi deyil. O, 1908-ci ildə «Zodçiy» curnalında o dövrdə Bakı memarlığında baş verənlər barədə böyük bir məqalə çap etdirmişdir. O, Bakının qədim memarlığı, xüsusilə də Şirvanşahlar sarayı kompleksi barədə böyük hörmətlə danışır. Şirvanşahlar sarayına qiymət verərkən o yazır ki, «Rusiya torpaqlarında belə abidə yoxdur, Baxçasaray isə onun/a müqayisədə solğun görünür». İkinci Dünya müharibəsindən sonra o, Varşava politexnik institutunda memarlıq fakültəsində dərs demişdir.

Professor Şamil Fətullayev-Figarov

Copyright © www.polonia-baku.org Wszystkie prawa zastrzeżone