PL       AZ       RU  

KONSTANTİN BORİSOQLEBSKİ

(KONSTANTY BORYSOGLEBSKI) Bakıya 1910-cu ildə gəlmiş və şəhər memarı vəzifəsinə təyin olunmuşdur. Şəhərdə nəhəng tikinti işləri gedərkən, şəhərin memarlıq və inşaatı ilə məşğul olan Borisoqlebski dərhal şəhərdə az sayda olan ictimai binaların layihələşdirilməsi işinə başladı. Onun Bakıdakı yaradıcılıq fəaliyyəti hakim mövqe tutan iki monumental bina ilə "təmsil olunmuşdur. Birinci tikili mərkəzi tarixi rayonun maddi-məkan mühitində yerləşir. O, Olginski (M.Ə.Rəsulzadə, 1912) küçəsindədir və «Olginski dükanları»nın dördmərtəbəli binasıdır. Şəhər memarlığında modern üslubunun qısaömürlü ağalığından sonra yenidən klassik memarlığa meyl əmələ gəlmişdi və Borisoqlebski bu memarlıq şəraitindən istifadə etdi. Görünür, memarlıqda yeni ideyalar ona yad idi və ona görə də o, öz yaradıcılığında klassik üslubla məşğul oldu. «Olginski dükanları» adlı irimiqyaslı bina fasad boyunca iki mütənasib hissəyə bölünmüşdür: aşağı hissə «Olginski dükanları», yuxarı isə yaşayış mənzilləri üçün nəzərdə tutulmuşdu. Fasad təmtəraqlı memarlıq üsullarında işlənmiş yan rizalitləri ilə təmsil olunmuş, girişlər isə memarlıq detalları ilə nəzərə çarpdırılmışdır. Rizalitlər dekorativ elementlərin sayəsində böyük plastikliyə malikdirlər.

K.Borisoqlebskinin bizə məlum olan ikinci işi Balaxanski (Fizuli, 61, 1913) və Krasnovodski küçələrinin tinində (Vurğun) tikilmiş kişi gimnaziyasıdır. Öz monumental həcmi, order sistemində işlənmiş klassik formaları, memarlıq kompozisiyası və fasadın canlı daş detalları ilə fəal şəhərsalma mövqeyi tutur. Baş fasadın irəli çıxmış mərkəzi hissəsi iki mərtəbədə İoniya orderli möhtəşəm portiklə nəzərə çarpdırılır. Profilləşdirilmiş üççərək sütunlar və çıxıntılı aşağı mərtəbə fonunda klassik tipli pərvaz müəllifin təmtəraq və təntənəyə meylini nümayiş etdirir. Kişi gimnaziyasının binası inqilabdan əvvəlki Bakıda möhtəşəm memarlıq formaları və kompozisiya üsulları əsasında yaradılmış azsaylı təhsil müəssisələrindən biridir. Onun fəaliyyəti «neft həyacanı» dövrünün memarlığını yekunlaşdırdı.

Professor Şamil Fətullayev-Figarov

Copyright © www.polonia-baku.org Wszystkie prawa zastrzeżone