PL       AZ       RU  

“POLONIA - AZƏRBAYCAN “ POLŞA İCMASI




Deklamasiya konkursunun iştirakçıları tərəfindən polşa dilindən azərbaycan dilinə tərcümə edilmiş iki nagılı sizə təqdim edirik

Polşa nağılı
Qoca və qızıl balıq haqqında nağıl

Biri var idi biri yox idi bir qoca və qarı var idi. Qoca qırx il idi ki balıq tuturdu, amma onun bəxti qətirmirdi. Bir gün qoca toru atır, ancaq yosundan başqa tora heç nə düşmür. İkinci dəfə toru atır və balaca qızıl balıq tora düşür. Balıq dil açıb qocaya yalvarmağa başlayır: “Öldürmə məni, burax məni dənizə, mən isə sənin hər bir istəyini yerinə yetirərəm”. Elə yalvarırdı ki, mat qalan qocanın ona yazığı gəldi və balığı dənizə atdı. Daxmasına qayıdanda bu əhvalatı qarıya danışdı: “Bu gün bir qızıl balıq tutmuşdum. İnsan kimi dil açıb mənə yalvardı ki onu buraxım, əvəzində isə hər hansı bir arzumu yerinə yetirəcəyini vəd etdi”.

   Qarı acıqlandı:”Ay axmaq, heç olmazsa bir vanna istəyəydin. Bizimki çoxdan çatlayıb”. Çarəsiz kişi sahilə qayıdır və balığı çağırıb qarının istəyini ona çatdırır.

   “Narahat olma, qoca. Get evə” – balıq deyir.

Evə qayıdan qoca həyətdə təzə bir vanna görür. Qarı isə deyir:”İndi ki bu belədir, balıq bizə bundan da çox şey verə bilər. Get balığa de ki, mən xanım olmaq və böyük evdə yaşamaq istəyirəm”.

Qoca dəniz kənarına qayıdır, papağını çıxarıb fikirləşir, balığı çağırmağa utanır. Balıq isə başını sudan çıxarıb soruşur :”Nə istəirsən, qoca”?

Qoca qarının istədiklərini ona söyləyir. Balıq isə deyir:”Qayıt evinə”. Qoca geri qayıdıdr və nə görsə yaxşıdır : köhnə daxmanın yerində böyük bir ev var, qarısı xanım kimi qəzir, qulluqçuların üstünə qışqırır, özü heç bir iş görmür. Qocanı görən kimi onu yanına çağırır :”Get balığa de ki, mən bundan da varlı, imkanlı olmaq, böyük həyət, çoxlu qulluqçular, atlar və geniş torpaq sahələri sahibi olmaq istəyirəm”.

Söz tapa bilməyən qoca yenə sahilə qayıdır, qarının dediklərini balığa söyləyir. Evə gayıdıb qarının xanım kimi gözəl paltarlar geyindiyini və qulluqçuları ora-bura buyurduğunu görür.

“Kraliça ola bilərəmsə, xanım olmaq nəyimə gərəkdir? Get balığa de ki, bu evin yerində saray olsun, mən isə kraliça olum” – arvadı ona deyir.

Balıq bu dəfə də qocanın dediklərini yerinə yetirir. Geriyə qayıdan qoca görür ki, arvadı tac taxıb gəzir. Onun ətrafında bəylər, xanımlar, qulluqçular və gözətçilər var. Heç qocanın içəri buraxmaq istəmirlər, nə istədiyini soruşurlar. “Kraliçanın yanına gedirəm”- deyən qocaya gülürlər. Kraliça isə onu qapıdan qovmağı və üstünə itləri buraxmağı əmr edir.

Kraliça krallarla vaxt keçirir bir həftədən sonra kişini yanına çağırıb deyir:” Get balığa de ki, mənə bu qulluqçular azdır, qoy balıq özü gəlib mənim qulluqçum olsun”.

Bir söz deməyə cürət etməyən qoca qayıdır sahilə, papağını çıxarıb, balığı çağırır və arvadının istıdiyini ona deyir. Balıq heç bir söz demir, dalğalar arasında işıldayıb, suda gözdən itir.

Qoca geri qayıdır, görür ki, nə saray, nə bəylər və xanımlar, nə də qulluqçular var. Tək bir qarısı oturub ağlaya-ağlaya cırılmış balıq torunu hörür.

Tərcumə edin Alia Orucova

TURP
Nağıl

Biri varıydı, biri yoxıydi bir qoca baba varıydı. Bir gün baba bağında ağ turp əkmişdi. Hər gün baba əkdiyi turpu yoxlayardı. Turp böyük ve dadlı böyümüşdü.Baba turpa baxıb necədə o turpu bir parça çörəklə yiyəcəyini düşünürdü. Var gücü ilə turpu torpağdan dartır, dartır, dartıb çıxarda bilmir.

Baba nənəni köməyə çağırdı:-“ Mən turpdan tutacam, sən isə məndən!”,

Yazığ baba ilə nənə, nənə babadan, baba turpdan yapışıb dartırla turpu, dartırlar, dartıb çıxarda bilmirlər. –“Kaş kimsə bizə kömək edəydi!”

Babayla nənənin köməyinə nəvələri qaçdı, nənədən tutdu.Nəvə nənədən, nənə babadan, baba turpdan yapışıb dartırlar turpu. –“Kaş kimsə bizə kömək edəydi!”- ax çəkdilər, tər tökdülər. Dartırlar, dartıb çıxarda bilmirlər.

Nəvə küçük Mruçkanı çağırdı. Mruçek qaça-qaça gəldi, nəvədən yapışdı. Mruçek nəvədən, nəvə nənədən, nənə babadan, baba turpdan yapışıb dartırlar turpu. –“Kaş kimsə bizə kömək edəydi!”- ax çəkdilər, tər tökdülər. Dartırlar, dartıb çıxarda bilmirlər.

Pişik öz yerində gizlənmişdi. Mruçek pişiyə səsləndə:-“Kömək ed bizə məstən!”

Məstən küçükdən, küçük nəvədən, nəvə nənədən, nənə babadan, baba turpdan yapışıb dartırlar turpu. –“Kaş kimsə bizə kömək edəydi!” Tər tökdülər, ax çəkdilər. Dartırlar, dartıb çıxarda bilmirlər.

Məstan həyətdəki toyuğa səsləndi. Toyuq ürəkdən köməyə gəldi. Toyuq məstandan, məstan küçükdən, küçük nəvədən, nəvə nənədən, nənə babadan, baba turpdan yapışıb dartırlar turpu. –“Kaş kimsə bizə kömək edəydi!”- ax çəkdilər,tər tökdülər. Dartırlar, dartıb çıxarda bilmirlər.

Öz yoluyla qaz gedirdi. Toyuq ona səsləndi-“ Gəl bizə kömək et!” Qaz gəldi, qaz toyuqdan, toyuq məstandan, məstan küçükdən, küçük nəvədən, nəvə nənədən, nənə babadan, baba turpdan yapışıb dartırlar turpu. –“Kaş kimsə bizə kömək edəydi!”- ax çəkdilər, tər tökdülər. Dartırlar, dartıb çıxarda bilmirlər.

Səmada hacıleylək uçurdu. Onu da köməyə çağırdılar-“ Uç yanımıza a leylək, köməyə!” Hacıleylək uçdu gəldi, qazdan tutdu, qaz toyuqdan, toyuq məstandan, məstan küçükdən, küçük nəvədən, nəvə nənədən, nənə babadan, baba turpdan yapışıb dartırlar turpu. –“Kaş kimsə bizə kömək edəydi!”- ax çəkdilər, tər tökdülər. Dartırlar, dartıb çıxarda bilmirlər.

Yoldan yaşıl qurbağa oppana-oppana gedirdi. Birdən hacıleyləkdən tutdu, hacıleylək qazdan, , qazdan tutdu, qaz toyuqdan, toyuq məstandan, məstan küçükdən, küçük nəvədən, nəvə nənədən, nənə babadan, baba turpdan tutdu və ən sonda dolaşa qondu və turpu çıxarmağa köməklik etdi. Bir oldular turpdan tutdular və nəhayətində dartıb çıxartdılar turpu.

Elə dartdılar, ela çəkdilər ki, sonda hər kəs yıxıldı bir birinin üstünə: turp babanin, baba nənənin, nənə nəvənin, nəvə küçüyün, küçük pişiyin, pişik toyuğun, toyuq qazın, qaz hacıleylənin, hacıleylək qubrağanın, qurbağa dolaşanın, və sonda dolaşa otun üstuna.

Tərcumə edin E. Sultanova

ADMİU-NUN “MULTİKULTURALİZM KONSEPSİYASININ SOSİAL-FƏLSƏFİ VƏ MƏDƏNİ ƏSASLARI” RESPUBLİKA ELMİ-NƏZƏRİ KONFRANSI KEÇİRİLİB

09 dekabr Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Multikulturalizm ilinə həsr olunmuş “Multikulturalizm konsepsiyasının sosial-fəlsəfi və mədəni əsasları” respublika elmi-nəzəri konfransı keçirilib.

Giriş şoru ilə çıxış edən Universitetin rektoru, professor Fərəh Əliyeva konfransın mahiyyətindən danışdı. O, qeyd etdi ki, “ Bildiyimiz kimi ölkəmizdə “2016-cı il Multikulturalizm ili” ilə bağlı bütün müəssisələrdə xüsusilə elmi-pedaqoji müəssisələrdə müxtəlif xarakterli, məzmunlu silsilə tədbirlər keçirilir. Onlar arasında konfranslar da var. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti də bu sahədə maraq doğuran elmi konfranslar keçirdir. “Multikulturalizm konsepsiyasının sosial-fəlsəfi və mədəni əsasları” adlı respublika elmi-nəzəri konfransı buna əyani bir nümunədir.”

Tədbirdə Azərbaycanda yaşayan Kazak cəmiyyətinin Atamanı - Çigirev Yuriy Sergeyeviç, Kazak Cəmiyyətinin podyesaulu Valentina Georgiyevna Əfəndiyeva, “Dirçəliş” Alman-Azərbaycan Cəmiyyətinin sədr müavini, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Rüstəm Kerrar Ələsgərov, “Azərbaycan-Bolqar Dostluğunun İnkişafına Yardım” Birliyinin sədri Mariya Pavlovna Hüseynova-Atanasova, Azərbaycan-Ukrayna Dostluğu Cəmiyyətinin sədri Aleksandr Fedoseyeviç Zareçniy, Azərbaycan-Polşa İcmasının sədri Olqa Alekseyevna Yujanina, Azərbaycan-Polşa İcmasının üzvü Kostin Aleksandr Borisoviç, Azərbaycan Yunan İcmasının sədri Saida Mehdiyeva, Azərbaycanda Gürcü Yəhudiləri İcmasının sədri Moisey Beker, Azərbaycanda “Alban-Udin Xristian İcması”nın sədri Robert Mobili, “Soxnut” İsrail Agentliyinin Gənclər Mərkəzinin koordinatoru Aurika Vladimirovna Şeqan, AMEA-nın alimləri, müxtəlif ali məktəblərin nümayəndələri və gənc tədqiqatçılar iştirak ediblər.

Konfransda, fasilə zamanı ADMİU-nun Musiqi sənəti fakültəsinin tələbələrinin ifaları dinlənilib.




Lider Tv Online - Xalq Rəssamı Hüseyn Əliyevin Əsərləri Varşavada Sərgilənir




Polşanın Nobel mükafatı almış şairəsi Vislava Şimborska fevralın 1-də 88 yaşında vəfat edib.

Nobel Komitəsi 1996-cı ildə ədəbiyyat mükafatına layiq gördüyü Şimborskanı “Şeirin Motsartı” adlandırıb.

Vislava Şimborska (1923- 2012)

Polşa

Polşanın ən görkəmli müasir şairlərindən biri olan Vislava Şimborska, eyni zamanda ədəbiyyat tənqidçisi, felyotonçu, tərcüməçidir.

1923-cü ildə anadan olan Vislava Şimborska çoxlu sayda beynəlxalq mükafatlar laureatıdır.

Onların arasında Koşçelski adına Fondun Mükafatı (1960), Polşa PEN klubunun mükafatı (1980, 1996), Herder Mükafatı (1995) və “ironik dəqiqliklə bioloji qanunları tarixi hadisələri, insan reallığının həqiqətlərini göstərən” şeirlərinə görə aldığı Nobel Ədəbiyyat Mükafatı da var.

Vislava Şimborska 2001-ci ildə Amerika İncəsənət və Ədəbiyyat Akademiyasının fəxri üzvü diplomunu alıb. 1996-cı ildən Polşa Elmlər Akademiyasının üzvüdür.

Yagellon Universitetində polonistika ( doğma dil və ədəbiyyat) ilə paralel olaraq sosiologiyanı da öyrənir.

Şimborskanın poetik yaradıcılığında Qərbi Avropa şairləri – müasirləri üçün xarakterik olan verlibrə daha çox müraciət edır. Amma Şimborskanın bu şeirləri Polşa və Qərb şairlərinin verlibristikasından olduqca fərqlənir. Onlar daha aydın və başadüşüləndir, bu şeirlərdə müəllifin özündən başqa kimsəyə aydın olmayan, yalnız “dərin düşüncə simulyasiyası” məqsədi daşıyan söz və ifadə yığnağı yoxdur, onlar tutqun abstraksiya ilə maskalanmamışdır.

Vislava Şimborska heç şübhəsiz mənəvi etika mücəssəməsiydi. Şairənin şeirlərinin əksəriyyəti – qısa fəlsəfi traktatlardan və emosionallıqla boyanmış düşüncələrdən ibarətdir.

Onun əsərləri 36 dilə çevrilib, kitabları dünyanın 18 ölkəsində nəşr olunub

Şimborska Poznan Universitetinin fəxri doktorudur.

1988-ci ildən Polşa Yazıçılar Birliyinin həmtəsisçilərindən biri olub.

1933-cü ildən Krakovda yaşayır.

Vislava Şimborska

Bəzi adamlar sevirlər poeziyanı

Bəziləri –
Yəni hamısı yox.
Hətta çoxu deyil – az bir qismi.
Məktəbdə məcbur edilən şagirdlərdən
və şairlərdən başqa,
Min nəfərdən tapılar ikisi.

Sevirlər-
Lakin makaron şorbasını da,
Komplimentləri də, səmanın rəngini də,
Köhnə şalı da,
Dediklərinin üstündə durmağı da,
Iti tumarlamağı da sevirlər.

Poeziya-
Axı nədi poeziya.
Çoxlu səthi cavablar verilib bu suala
Əvvəl necə bilmirdimsə poeziya nədir,
Elə indi də bilmirəm
Və bilməməzlikdən yapışıram
Sürahıdan yapışan kimi.

Perspektiv

Yad kimi ayrıldılar,
sözsüz, baxışsız,
qadın dükana gedən yoldadı,
kişi maşın olan yolda.

Bəlkə həyəcandandı,
ya huşsuzluqdan,
ya da unudublar,
bu qısa zamanda,
bu az zamanda
bir-birilərini necə sevdiklərini.

Bunların onlar olduğuna
bir əminlik yox.
Bəlkə uzaqdan belə görsənir,
yaxından o qədər də yox.

Pəncərədən gördüm onları,
lakin kim yuxarıdan baxırsa,
səhvə yol verə bilər çox asanlıqla.

Şüşəli pəncərə arxasında
qadın yox oldu, itdi,
kişi sükanın arxasına keçdi və cəld getdi.
Yəni heç nə baş vermədi,
hətta əgər baş versəydi belə.

Gördüklərimə
bir anlıq inanıram,
bu təsadüfi şeirdə
inandırmağa çalışıram, Sizi, Oxucular:
bu mənzərə çox kədərli idi.

Son və başlanğıc

Hər müharibədən sonra
öz özünə yaranmır
səliqə-sahman.
Səliqə-sahmanı yaratmalıdı kimsə.

Meyit daşıyan maşın
keçə bilsin deyə,
yığılan qalağı
təmizləməlidi kimsə.

Külə, palçığa
açılmış yataq yaylarına,
şüşə qırıntılarına,
qanlı əskilərə
ayağı bulaşmalıdı kiminsə.

Qapını yerinə salıb,
pəncərəni bərkidib
divara dayaq verməyi
etməlidi kimsə.

Bu, fotogenik görünüş deyil,
keçməlidi bir neçə il.
Artıq başqa müharibəyə yollanıb
bütün fotoqraflar.

Bükülmüş
qolluqlar çürüyür,
amma yeni körpülər,
vağzallar tikilməlidi.

Səhər
küçəni süpürərkən,
yada saldı kimsə,
necə də dəhşətli idi;
və sağ qalmış başı ilə işarə etdi kimsə:
Allah eləməsin, bir də təkrarlansın.
Yanında bərkdən əsnədi kimsə.

Hansısa kolun altında
xarab olmuş qalıq dəlillər gizlədilib;
Kimsə təəssüf etmədən
zibil qutusuna atır onları.

Burda nə baş verdiyini
bilənlər,
az bilənlərə,
azdan da az bilənlərə
və ya heç bilməyənlərə
güzəşt etməlidi.

Səbəb və nəticəylə
iliyinəcən ot basmiş çəmənlikdə
axı kimsə uzanıb
sünbülü dişləriylə sıxaraq
dəli kimi
buludları seyr etməlidi.

Sabaha-bizsiz

Səhərin soyuq və dumanlı olacağı gözlənilir.
Qərbdən
yağışlı buludlar gələcək.
Hava dumanlı olduğundan
yolda hərəkət çətinləşəcək.
Sürüşkən olacaq yollar.
Şimal antisiklonun təsiri altında
gün ərzində
yavaş-yavaş
bəzi yerlərdə
havanın açılma ehtimalı var.
Lakin dəyişkən
və güclü ani küləyin sayəsində
tufanın baş verə bilər.
Axşam
bütün ölkə üzrə
düzələcək havalar,
ancaq cənubi-şərqdə
istisna olunmur yağıntılar.
Temperatur xeyli aşağı düşəcək,
təzyiq isə artacaq.
Sabah hava
günəşli olmağı vəd edir,
amma sağ qalanlara
hələ də lazım olacaq çətir.

Boş otaqda pişik

Ölmək: – bunu pişiyə etməzlər axı.
Pişik nə etməli
bu boş otaqda.
Divara dırmaşmalı,
yoxsa mebellərə özünü tumartlamalı.
Heç nə dəyişməyib evdə,
amma sanki dəyişib nəsə.
Elə bil hər şey yerindədi,
amma hər şeyin yeri dəyişik.
Axşamlar lampa da yanmır,
bu boş otaqda.

Pilləkəndən addım səsləri eşidilir,
amma bu o gözlənilən addım səsləri deyil.
Boşqaba balıq qoyan əl də
Yaddı, əvvəlki deyil.

Başlamır burda nəsə
adət etdiyi vaxtda,
burda nəsə baş vermir
həmişə baş verən sayaq.
Burda kimsə olub, olub,
lakin qəfildən yoxa çıxıb
və daha qayıtmayıb.

Pişik bütün dolabları axtardı.
Tənbəllik etmədi, rəflərə də baxdı.
Divanın altına girdi – xeyri olmadı.
Nəhayət, pozub qadağanı
kağızları dağıtdı,
Daha nə qalırdı ona?
Yatmaq və gözləmək.

Təki, o, qayıtsın,
təki o geri dönsün,
Onda başa düşəcək,
pişiklə belə rəftar olmaz.
Küsmüş pişik
onu elə qarşılayacaq,
sanki bunun ona heç dəxli yox.
İncik ayaqları titrəyəcək,
amma pişik öz sevincini gözündə gizlədəcək.

Yoxluq

Bir az da keçsəydi,
mənim anam
Volya Zdunskadan pan B. Zbiqnevə ərə gedə bilərdi.
Və onların doğulacaq qızı mən olmazdım.
Adları, siifətləri,
bəlkə də bircə dəfə eşitdiyi musiqini unutmazdı.
Quşları ayırd edə bilərdi biri-birindən
səhv etmədən,
fizika və kimyadan əla,
polyak dilindən yaxşı qiymətlər ala bilərdi,
həm də xəlvətcə şeirlər yazardı,
mənimkindən qat-qat maraqlı.
Bir az da keçsəydi,
mənim atam da o vaxt Zakopanedən olan
Panna Yadviqanı özünə arvad edərdi.
Və onların doğulacaq qızı mən olmazdım.
Bəlkə də tərs, dediyindən dönməz olardı.
Cəsarətlə dərin suya tullanardı.
O kütləvi hisslərə meylli olardı.
Durmadan hər yana göz qoyardı,
hərdən də kitab oxuyardı,
tez-tez həyətdə top qovan oğlanların yanına qaçardı.
Ola bilsin ki, hər ikisi
hətta eyni məktəbdə, eyni sinifdə oxuyardılar.
Aralarında heç bir bağlılıq,
qohumluq yox,
və məktəb şəkillərində bir-birindən aralı.
Buyurardı fotoqraf, -
Qızlar burda dayanın, -
boydan bəstələr – öndə,
hündürlər – arxada.
Nə vaxt işarə etsəm, gülümsəyərsiniz.
Ancaq bir də sayın –
hamı burdamı?
- Bəli, pan fotoqraf, hamı burdadı.

Əlifba


Bu haqda heç zaman bilməyəcəyəm,
mənim haqqımda nə düşünürdü A.
Məni tam bağışladımı B.
Niyə C. özünü elə aparırdı ki, sanki hər şey qaydasındadı,
Ç.-nin rolu nə idi D.-nin susmağında.
Nəyi gözləyirdi E., əgər gözləyirdisə.
Niyə Ə. özünü bilərəkdən xəbərsiz göstərdi.
Nəyi gizlətmək lazım imiş F.-ə,
bəs G. nəyi əlavə etmək istəyirdi.
Mənim yanlarında olmağımın
bir fərqi vardımı
H., X. və qalan hərflər üçün.

Hər bir şeir


Əslində, hər bir şeirə
“an” adı qoymaq olardı.

Bir kəlmə yetər
keçmiş, indiki,
hətta gələcək zamanlarda;
yetər, əgər
sözlərlə ifadə olunan “nəsə”
xışıldamağa, parıldamağa başlayacaq,
uçub, üzüb keçəcək,
və ya öz zahiri
dəyişən kölgəli dəyişilməzliyini
qoruyub saxlayacaq;
yetər, əgər
kiminsə haqqında, kiminsə yanında,
kiminsə haqqında, nəyinsə yanında
söhbət gedirsə;
küləklə vərəqlənən başqa əlifba kitablarından
pişiyi olan Alya haqqında,
ya da pişiksiz;
və yaxud nə başqa Alyalar,
pişiklər və qeyri pişiklər barəsində;
yetər, əgər
baxış dairəsində
müəllif ani dağlar,
əbədi olmayan dərələr yaradırsa;
əgər, imkandan yararlanıb
zahirən əbədi və sonsuz görünən
səmadan söz açırsa,
əgər yazan əlin altında
özgəninki elan edilən
bir şey tapılırsa;
əgər açıq-aydın yazılıbsa,
və ya yaddaşda da olsa,
əsaslı və ya boş səbəbdən,
sual işarələri qoyula bilər,
cavabı isə -
iki nöqtə:

Yol qəzası


Yarım saat əvvəl
yolda nə baş verdiyini
hələ onlar bilmirlər.

Onların saatında
adi vaxtlardan biri –
sentyabr, dördüncü gün, günortadan sonranı göstərir.

Kimsə əriştəni aşsüzənə atır,
Kimsə həyətdəki xəzəlləri süpürür.
Səs-küy salır
masanın ətrafında qaçışan uşaqlar.
Kiməsə lütfkarlıgın göstərib
özünü sığallamağa icazə verir pişik.
Kimsə ağlayır
həmişəki tək,
televizorun önündə,
vicdansız Diyeqonun
Xuanitaya xəyanətinə.
Qapı səsi eşidilir –
narahat olma,
qonşu tavanı geri qaytarır.
Otağın küncündə
telefon zəng çalır –
hələ ki, yalnız elana görə
zənglər gəlir.

Əgər kimsə pəncərəyə yaxınlaşıb
səmaya baxsa,
o artıq hadisə yerindən gələn
hüznlü buludları görə bilərdi.
Həqiqətən pərən-pərən
və həqiqətən dağıdılmış,
amma belə şeylər olur
buludun arxasında.

Əhvalat


Səma, torpaq, səhər,
saat səkkiz on beş.
Otları saralmış savannada
sakitlik və rahatlıq.
Uzaqda həmişəyaşıl yarpaqlı
abnos ağacı
kökləri torpağa ilgək atıb.

Qəfildən nəsə pozur bu bəxtəvər sükutu.
Qaçhaqaça salınmış yaşamaq həvəsli iki mahiyyət.
Yel kimi götürüldü ceyran,
dalınca tövşüyən ac dişi aslan.
Qaçışda hər ikisinin şansı hələ ki, eyni.
Ceyranın hətta bəzi üstünlükləri var.
Əgər torpaqda ilişib qalan
kötük olmasaydı,
dörd dırnaqdan biri,
əgər dolaşmasaydı,
əgər ritmdən düşmə
saniyənin dörddə biri deyilsə,
nədən faydalanar dişi aslan
bir uzun sıçrayışlı tullanışla

Kimdir günahkar sualına,
cavab yox, ancaq sükut.
Günahkar deyil səma, circulus coelestis,
Günahkar deyil terra-nutrix1 , torpaq-yemləyən.
Günahkar deyil tempus fugitivum2 , zaman.
Günahkar deyil ceyran, gazella dorcas3.
Günahkar deyil dişi aslan, leo massaaicus4 .
Günahkar deyil abnos ağacı, diospyros mespiliformis5.
Və daima belə hadisələri
binoklla müşahidə edən insan
homo sapiens innocens6.


1Nutrix eius terra est (“Onu yemləyən torpaqdır”, qədim ərəb ədəbiyyatının abidəsi olan “Zümrüd lövhə” adlı əsərdən)
2Axıb gedən zaman (latın dil.)
3Ceyran (latın dil.)
4Dişi şir (latın dil.)
5Abnos ağacı (latın dil.)
6„Homo sapiens” – Biologiya, tarix, etnologiya və s. elmlərdə: dərəkəlli (ağıllı) insan (latın dilindən); burada: günahsız insan

Qəfil görüş


Necə mehribanıq bir-birimizlə,
uzun illərdən sonra baş tutan xoş bir görüşdə.

Bizim pələnglər süd içir,
Bizim qırğılar uçmağı unudub.
Bizim köpək balıqlarımız suda batır.
Bizim canavarlar açıq qəfəsin qarşısında əsnəyir.

Bizim əjdahalar şimşəklərdən silkələnib,
meymunlar ruhdan düşüb, tovuz quşlarının lələkləri yox olub, itib.
və nə zamandı yarasalar da toxunmur saçımıza.

Söhbətin yarısında susuruq.
Heç rişxənd də xilas edə bilmir bizi.
Danışmağı unudub
bizim adamlar.

2011-ci İl Çeslav Miloş ilidir

Çeslav Miloş

Sair, nasir, ədəbiyyat tarixçisi, esseist və tərcüməcidir.

1911-ci ildə Litvada, Şeteyne kəndində anadan olub. Stefan Batori adına Vilnüs Univerisitetinin hüquq fakultəsində təhsil alıb. Ədəbiyyata 30-cu illərdə gəlib. Diplomatik fəaliyyətdə olub. Mühacir həyatı keçirib. Əvvəllər Fransada, 1960-cı ildən sonra Birləşmiş Ştatlarda yaşayıb. Berklidə yerləşən Koliforniya Univerisitetinin Slavyan Dilləri və Ədəbiyyatı fakultəsində mühasirələr oxuyub. Harvard Univerisitetinin professoru olub. 1989-cu ildə Polşaya qayıdıb. 2004-cü ildə Krakovda vəfat edib.

Bir sıra nüfuzlu mükafatlara, 1980-ci ildə ədəbi naliyyətlərinə görə Nobel Ədəbiyyat Mükafatına layiq görülüb.

Ilin fəsilləri
Sevdiyim oktyabr ayının sonsuz sakitliyində
(tünd qırmızı ağсaqayın, tunс palıd,
tozağaсında hələ də açıq-sarı yarpaq)
Fəslin dayanmasını bayram etdim mən.
Başladı hər yerdə ölülərin böyük çarlığı:
Parklarda çəmənliyin, xiyabanın döngəsində.
Mən bu xiyabana girməyə məcbur deyildim-
Məni çağırmamışdılar ordan.
Cığırları çayırlar basıb, sahildə matorlu qayıq,
Qaranlıqda axan çayın qarşı sahilində yox bir işıq.
Hazırlaşdım ruhların və sehrbazların rəqs geсəsinə,
Parikli və maskalı nümayəndələr
Canlıların halayında tanınmadan rəqs edirlər.

Işarət
Kim ki, uzun ömür yaşayır, o ilin fəsilləri haqda düşünür,
Düşünür ki, neсə də çoxdular, hər dəfə tamam fərqli.
Tapmağa çalışır, o kim olub filan ildə, ayda,
Onda o dünyanı neсə gördü və nə anladı.
Xüsusi, təkrar oluna bilməyən anlam,
Hər dəfə artsa da, məgər kölgələr bir xətt üzrədi.
Demək, сiddi əsas var Yaradanın lehinə,
Çünki ağrıların siyahısını düzmək Onun iqtidarında,
Itaət, səadət, dəhşət və ekstaz.

Ithaf
Qulaq as.
Sən, mənim xilas edə bilmədim kəslərdənsən.
Çalış başa düş bu sadə sözləri. Inan,
başqalarını tanımıram, səninlə sakitсə danışıram,
ağaс, ya bulud kimi,
məni nə bərkitdisə, o səni məhv etdi.
Sən əsrin sonunu saydın yeni başlayan eranın ardınсa.
Nifrətlərin pafosu – lirik sevinсin ardınсa.
Kor qüvvə kamillik formasının arxasında.
Kiçik polşa çayları xəfif axır düzənlikdə.
Və nəhəng körpülər batır ağ dumanda.
Və dağılmış şəhər. Mən səninlə danışanda,
külək şivən qoparır,
çay səni qəbrə aparır.
Bunda, anсaq bunda aydın oldu xilasetmə,
əlçatmaz məqsədlərə
sətirə сəhddə-
baсarıqsız təşəbbüslə qələmlə şeir yaratmaq.
Yuvasız quşlardan ötrü-
darı və lalə toxumu
səpərdilər qəbirlərə, əvvəllər;
ölülərin ruhları onlara köçür-düşünərdilər.
Bu kitabı bura qoyuram indi
sənin bir daha bura dönməməyınçün.

Şəcərə

Yan Lebenştayna


Yəqin bizlərdə çoxdu oxşarlıq,
Barokka şəhərlərdə böyüyənlərin hamısında.
Sorma, hansı kral uсaltdı
Yanından keçdiyimiz kostyolu,*
Kim yaşadı sarayda,
Neсə çağırırdılar heykəltaraşları, memarları,
Hardan, nə vaxt gəldilər, nəylə məşhurlaşdılar.
Eskerlərin, mərmər pilləkanların
Yanından qaçaraq,
Biz sadəсə futbol oynayırdıq
Sütunlu eyvanın arkası altda.
Sonra bizim olardı qaranlıq parklardakı sevimli oturaсaqlar,
Başımız üstündə gips mələklər bolluğu.
Amma bunlardan nəsə qaldı bizdə: əyriliyə meyillik,
Qat-qat xovlu paltarda bəzənmiş qadın
Alovabənzər spiral ziddinə
Əlavə parıltı verirdi skletlərin rəqsinə.

Qısa
Qısa dedim mən
Qısadı günlər.
Qısadı günlər
Geсələr də
Illər də.
Qısa dedim mən,
Çatdırmadım mən.
Yoruldu ürəyim mənim -
Fərəhdən,
Ümidsizlikdən,
Сəhddən
Və ümiddən.
Nəhəng quyu
Məni uddu.

Lüt-üryan uzanmışdım
Kimsəsiz adalar sahillərində.
Yeri saxladan ağ balina
Məni özüylə aşağı dartırdı, dibə.
Bax, indi bilmirəm
Nə idi həqiqət.

Çevirəni: Rəfail Tağızadə

Rəfail Tağızadə - azərbaycan poeziyasının tanınan simalarından biridir.

Bəynəxalq Rəsul Rza mükafatı laureatıdır (2006). Çağdaş dünya ədəbiyyətı nümünələrini o cümlədən Vislava Şımborska, Çeslav Miloş, Tadeuş Rujeviç,və s. şeirlərini azərbaycan dılınə çevirib.Əsərləri bir çox dillərə tərçumə olunub.

Rəfail Tağizadə Azərbaycan Yazıçılar Birliyinin üzvü, ŞƏBƏKƏ Mədəniyyətlərin Dialoqu Mərkəzin direktorudur.

Copyright © www.polonia-baku.org Wszystkie prawa zastrzeżone